Bu qələbə tarixdə əbədi qalacaq!
Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Azərbaycan bu gücdən istifadə edərək qarşısında duran əsas vəzifəni şərəflə yerinə yetirir.
2020-ci il Azərbaycan tarixində şərəfli yer tutur. Azərbaycan Respublikasının əsas strategiyası xalqın rifahını yüksəltmək və işğal olunmuş torpaqlarımızın azad olunmasıdır.
2020-ci ilin fevral ayında keçirilmiş parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım oldu. Parlamentin rəhbər orqanları yeniləndi, rəhbərliyə yeni insanlar gəldi.
İlk dəfə olaraq parlamentin sədr müavini, parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələrinin seçilməsi ölkəmizin demokratik inkişafı baxımından çox böyük əhəmiyyət daşıyır.
Parlamentin çoxpartiyalı parlament olması siyasi sistemimizin gücləndirilməsinə, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addım, yeni siyasi mədəniyyətin təzahürü oldu. Keçən il partiyaların böyük əksəriyyəti birlik təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşuldular. Hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir.
Azərbaycan tarixinin son 30 ilinin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi.
Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan faktiki olaraq diz çökdü və məcbur olub cari ilin noyabr ayının 10-da kapitulyasiya aktına imza atdı.
Prezident İlham Əliyev: Bu Qələbə tarixdə əbədi qalacaq.
Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur. Azərbaycan xalqı razı olmazdı ki, onun tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın.
Bütün təzyiqlərə, təhdidlərə, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına və bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi.
Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli və əxlaqlı orduya malik olduğunu göstərdi.
Sülhməramlı qüvvələrin funksiyası cari ilin noyabr ayının 10-da təsbit edildi.
İmzalanmış bəyanatda sülhməramlıların humanitar işlərlə məşğul olması təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki, orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar.
Bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Prezidentin göstərişi ilə partiyaların qeydiyyatı ilə bağlı süni əngəllər aradan qaldırılmış, məsələ müsbət həllini tapmışdır. Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdır.
Azərbaycanda bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi. Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu buna nail oldu.
Kadr islahatları aparılıb. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. Prezident İlham Əliyevin dediyi kimi “Heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur”.
Azərbaycan Respublikasının 2020-ci ilin iqtisadi yekunlarına nəzər salsaq görərik ki, digər ölkələrə nisbətən Azərbaycan yeni ilə daha az itkilərlə çıxıb. Qeyri-neft sənayesi, Neft Fondu, kənd təsərrüfatı, orta əmək haqqı, pensiya artıbdır.
Yeni reytinqə görə Azərbaycan:
Ø Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında 28-ci yerdədir;
Ø 10 ən islahatçı ölkə sırasındadır.
Azərbaycan işğala və 1 milyon qaçqının olmasına baxmayaraq, bu nailiyyətləri əldə edib, gələcəkdə daha böyük nailiyyətlər əldə ediləcəyi şəksizdir.
Ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək. Azərbaycan dövləti vətəndaşların itirilmiş əmlakının bərpası üçün vəsaitin verilməsini təmin edir.
Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılacaqdır.
Bu tarixi yaşayış məntəqələrində məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin edə biləcəklər.
Dağılmış məntəqələrin yerində şəhərlərin yaradılmasına ancaq beynəlxalq qiymətləndirmə aparılandan sonra başlanacaq ki, məhkəmələrdə qarşı tərəf Azərbaycanı hansısa faktları saxtalaşdırmaqda ittiham edə bilməsin.
Ekologiyaya vurulan ziyan hesablanmalıdır. İndi azad edilmiş ərazilərdə 1988-ci ildə meşə fondu 228 min hektar təşkil edirdi, 2020-ci ildə isə cəmi 174 min hektar. Yəni, 54 min hektar meşə fondu məhv edilib, qırılıb və bu, erməni cinayətinin növbəti nümunəsidir. Azad edilmiş ərazilər dünya üçün yaşıl enerji zonası kimi bir nümunə olacaq. Xudafərin və Qız qalası hidroqovşaqlarında qurulacaq su elektrik stansiyaları böyük enerji potensialına malikdir. Eyni zamanda, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının yaradılması məsələsi gündəlikdədir.
Ya Laçın, ya da Kəlbəcər rayonunda yeni beynəlxalq hava limanı tikiləcək. Füzuli şəhərində isə beynəlxalq hava limanının tikintisinə artıq az vaxt qalıb. Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb.
Azərbaycan xalqı Qarabağ bölgəsində cənnət yaradacaq.
Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, Azərbaycan dövləti planlarını həyatda gerçəkləşdirir.
Vahid Azərbaycan dövləti bundan sonra da uğurla, inamla inkişaf edəcəkdir!