Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa şəhərinə tarixi səfəri
Tarixi vərəqləyəndə şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz, şəhidsiz və itkinsiz keçməyib. Sentyabrın 27-dən başlanmış Vətən müharibəsi də uzun dövlətçilik və hərb tarixi olan Azərbaycan xalqı üçün fərqli oldu. 30 ilə yaxındır düşmən tapdağında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu və diləyi idi. Elə bir məclis, tədbir, hətta yas, toy göstərmək mümkün deyil ki, orada torpaqlarımızın azad olunması, işğaldan xilas edilməsi istəyi dəfələrlə qeyd edilməsin. Və çox sevindirici haldır ki, artıq bütün işğal altında olan torpaqlarımız azad olundu, Qarabağ Azərbaycanındır! Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti böyük quruculuq işlərinə start verdi.
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərinə səfər etdilər. Səfər zamanı Füzuli-Şuşa yolunun və Füzuli beynəlxalq hava limanının təməli qoyuldu. Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməlinin qoyulması işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması üçün strateji əhəmiyyətlidir. Artıq inşasına başlanılan hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi bu ilə planlaşdırılır. Hava limanı bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, o cümlədən hərbi yüklərin bölgəyə daşınmasında əhəmiyyətli rola malik olacaq. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək. Prezident qeyd edib ki, böyük qayıdış başlayır, bütün işlərə start verilib: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, – cəmi 44 gün ərzində, – bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Şuşada hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan qeyd edib ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.
Doğrudan da, Şuşanın işğaldan azad edilməsi xalqımızın qəhrəmanlığı tarixində xüsusi yer tutacaq. Demək olar ki, əlbəyaxa döyüşlərlə azad edilən Şuşa şəhəri düşmənə vurulan ən böyük zərbə idi. Şuşanın azad edilməsi həm də, müharibənin nəticəsinə təsir edən sonuncu mərhələ oldu. Təsadüfi deyil ki, hər ilin noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təsis edilib.
Prezident İlham Əliyev Şuşa şəhərində əsgərlər qarşısında çıxışında maraqlı məsələyə toxunub. O deyib: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi. Xatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün, nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilib. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”. İşğal faktorunun aradan qaldırılmasına toxunarkən Prezident qeyd edib ki, bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Dövlət başçısı bütün şəhid ailələrinin dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu bir daha diqqətə çatdırıb: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir”.
Lakin Ermənistan cəmiyyətində olan bəzi revanşist qüvvələr “itirilmiş torpaqların” yenidən tələb olunması barədə danışırlar. Faktiki olaraq suverenliyini itirmiş Ermənistan dövləti, tarixi qüvvəsini itirmiş erməni kilsəsi və diasporu. Ona görə də, yaxşı olardı ki, Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən qonşu ölkələrin torpaqları haqqında, ələlxüsus Azərbaycanın tarixi əraziləri haqqında xəyallara qapılmasın. Artıq bölgədə yeni geosiyasi proseslərin təməli qoyulmaqdadır. Böyük qayıdış başlayır, bütün işlərə start verildi.
Ulu öndərin tarixi missiyasından da söz edən Prezident İlham Əliyev bildirmişdir ki, 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi.
Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Prezident İlham Əliyevin bir daha qeyd etdiyi kimi, “Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”