Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar hadisələrin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır

20 yanvar 2021 | 16:00

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşlərinin birində demişdir: ”20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümunəsidir”.

XX əsrin 80-ci illərinin sonu və 1990-cı illəri Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 23:30-da silahlanmış Qızıl Ordu xalqımıza qarşı görülməmiş, insanlığın sonunu gətirən dəhşətli bir faciə törətdi.

20 Yanvar günü xalqımız ilk dəfə öz azadlığını, haqqını tələb etmişdi. Həmin gün tariximizin özündə faciə və qəhrəmanlıq ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

Həmin gün Bakıda gecəyarı fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Hər bir azərbaycanlı hadisələrin təfərrüatlarını bilməli və unutmamalıdır. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.

Bu faciədən sonra Sovet İmperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. SSRİ-nin süqutunun ilk qığılcımları baş verməkdə idi.

20 Yanvar faciəsi xalqın tarixi yaddaşına həkk olunduğu üçün bir sıra əməkdar incəsənət xadimləri faciənin dəhşətlərini əks etdirən, rəsm əsərləri, şeirlər, mahnılar, filmlər, tamaşalar, pyeslər qələmə aldılar.  

20 Yanvar hadisələri eyni zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və in­sanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasna­məsinin, Beynəlxalq İnsan haqları Bəyannamə­sinin, insan haqlarına dair digər beynəl­xalq aktların çoxsaylı müddəa­ları pozulmuşdu.

Bəli, bütün bu dəhşətlərin fonunda biz xalq olaraq bu faciəni yaşadıq, lakin Ulu Öndərin mərdliyi və siyasi iradəsi nəticəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır.

20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə  "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Prezident  İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.

Qanlı Yanvar gecəsində qanı tökülən şəhidlərimiz 44 günlük Vətən müharibəsi iştirakçıları üçün bir örnək oldular, onlara vətənpərvərlik, yurd sevgisi aşıladılar.

Bu il artıq 20 Yanvar hadisələrinin 31-ci ildönümünü qeyd edirik. Biz azadlıq şəhidlərinin əziz xatirəsini daima yad edəcəyik!

Şəhidlərimiz heç vaxt unudulmayacaq! 

 

Ləman  Məmmədova
250 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini

 

Keçidlər