20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir
Yaxın tariximizdə baş verən hadisələrin öyrənilməsi və araşdırılması çox vacib vəzifələrimizdən biridir. Bu səbəbdən gənclərimiz tarixi həqiqətləri öyrənməlidirlər və bilməlidirlər. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli, gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır.
20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Belə ki, gecəyarı Bakıda fövqəladə vəziyyət elan edilmiş, lakin meydanlara toplanan xalqa heç bir xəbərdarlıq edilməmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbiçilər heç bir günahı olmayan 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan olunmayan rayonlarda da: Neftçalada, Lənkəranda günahsız insanlar qətlə yetirilmişdir. Ümumilikdə 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, o cümlədən təcili yardım maşınları da yandırıcı güllələr tərəfindən məhv edilmişdir.
20 Yanvar faciəsindən sonra sovet imperiyası Azərbaycanda öz nüfuzunu itirdi. Xalqın müstəqilliyi ümummilli amala çevrildi. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin dünyada tanıdılması üçün yaşadıqları öllkələrdə təşkilatlanmağa başladılar. Bu faciə dünyada yaşayan bütün azərbaycanlıların bir olmasına səbəb oldu.
20 Yanvar faciəsi xalqımızın tarixi yaddaşına həkk olunmasında mədəniyyət tariximizin də böyük rolu olmuşdur. Əməkdar rəssam Arif Ələsgərovun “20 Yanvar” tablosu, Mikayıl Abdullayevin “Nakamların dəfni”, Rasim Babayevin “Təcavüz”, Oqtay Quliyevin “Matəm” adlı rəsmləri bu faciəyə həsr edilmişdir. Hacı Xan Məmmədovun “Əlimdə sazım ağlar”, Emin Sabitoğlunun “Şəhidlər ağısı”, Azər Zeynalovun “Vətən harayı” əsərlərini qeyd etmək olar. “Qanlı Yanvar”, “Azadlığa gedən yollar”, “Bakıda insan ovu”, “Qanlı Bakı” və “Matəm” filmləri bu faciəyə həsr edilmişdir. Bəxtiyar Vahabzadə, Məmməd Aslan, Xəlil Rza, Fikrət Qoca və başqa şairlərimiz də etiraz ruhlu şeirlər yazmışdırlar. Eyni zamanda, yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası 1999-cu ildən dünyanın müxtəlif dövlət teatrlarında tamaşaya qoyulmuşdur. Bu və bunun kimi digər əsərlər vasitəsilə dünya xalqları millətimizin başına gələn bu faciədən xəbərdar oldu.
20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi – azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsinin ucaltdığı şərəfli bir tarixdir. 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməlidir və unutmamalıdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. 20 Yanvar hadisələri eyni zamanda beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdur.
Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Ulu öndərimiz tarixin qanlı və şanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin baş vermə səbəblərinin və günahkarlarının araşdırılması ilə məşğul oldu. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1994-cü il mart ayının 29-da Parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.
1990-cı il 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidentimiz İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. Ulu Öndərimizin Fərmanı ilə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərinin xatirəsini daim uca tutur. Hər il yanvarın 20-də Şəhidlər Xiyabanını xalqımız ziyarət edir, “Əbədi məşəl” abidə kompleksinin önünə Prezident İlham Əliyev tərəfindən əklil qoyulur. Şəhid ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir.