Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

21 yanvar 2021 | 16:00

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir.

Keçən əsrin sonlarında ölkədə milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət yaratmaq istəyi ilə ayağa qalxan xalqın inamını qırmaq məqsədilə 1990-cı il yanvarın 20-də Bakı şəhərinə və respublikanın bir neçə rayonuna Sovet Silahlı Qüvvələri yeridilərək küçələrə çıxmış silahsız insanlar qəddarcasına qətlə yetirilmiş, həmin hadisələrdə 133 dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.

Xalqını bu ağır günlərdə tək qoymayan ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış etmişdir. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərmişdir.

Ümummilli liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılmışdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, Milli Məclis 1994-cü ilin martında bu barədə qərar qəbul etmişdir. Həmin hüquqi sənədlə 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.

Ümummilli liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlət başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir çox abidə kompleksi yaradılıb.

Bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban edən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsi çox böyük hörmət və ehtiramla əziz tutulur, onların igidliyi yüksək qiymətləndirilir.

Hər il olduğu kimi. bu il də Nizami rayonunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

14-19 yanvar 2021-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Xalqımızın Qəhrəmanlıq Səlnaməsidir!” mövzusunda virtual təsviri sənət müsabiqəsi keçirilib, şagrdlər faciəyə həsr olunmuş rəsm əsərlərini nümayiş etdiriblər.

15 yanvar 2021-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc Aktyorlar” dərnəyinin üzvləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş onlayn video-şeir müsabiqəsi keçirilib.

16 yanvar 2021-ci il tarixində rayon məktəbliləri arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Şahmat" üzrə onlayn açıq rayon turniri keçirilib.

19 yanvar 2021-ci il tarixində Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən “Vətən Müharibəsi Şanlı Tariximizdir!“ mövzusunda onlayn toplantı keçirilib.

19 yanvar 2021-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar faciəsində şəhid olan və yaralananların ailələrinə maddi köməklik göstərilib.

 

Keçidlər