Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni perspektivləri vəd edən əməkdaşlıq

27 yanvar 2021 | 16:00

Eyni etnik kökə malik olan Azərbaycan və Türkmənistan arasında  diplomatik əlaqələr 1992-ci ildə yaradılsa da, bu əlaqələrin tarixi qədim və möhkəm münasibətlərə söykənir.

Baxmayaraq ki, Xəzər dənizi ilə bağlı problemlər dövlətlərimiz arasında müəyyən zaman çərçivəsində narahatçılığa səbəb olmuşdur, lakin sonuncu videokonfrans problemlərin həlli ilə bərabər yeni inkişaf xəttinə də şərait yaratmışdır.

2021-ci il yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında olan görüşdə Xəzər dənizində Dostluq yatağının karbohidrogen resurslarının  birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması baş verdi. Bu görüş eyni zamanda qədim dostluq əlaqələrinin olduğu iki qardaş ölkə arasındakı münasibətləri bir daha möhkəmləndirdi.

Çıxışa Prezident Qurbanqulu Berdiməhəmmədov başlamış və bu görüşdə iştirakına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdir. Görüşün məqsədi Xəzər dənizində  qarşılıqlı əməkdaşlıq olsa da, bu əməkdaşlığın əsl səbəbinin dost və qardaş münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini hər iki dövlət başçısı xüsusi qeyd etmişdir.

İmzalanmış Anlaşma Memorandumu ilə qəbul olunmuş tezislərdə Xəzərin resurslarının qarşılıqlı şəkildə öyrənilib araşdırılması həm iqtisadi inkişafa, həm də hər iki xalqın sosial və mədəni inkişafına verəcəyi töhfələrdən bəhs edilmişdir. Konfrans zamanı dövlət başçılarının bir-birlərinə “qardaş” deyə müraciəti münasibətlərin səmimi və möhkəmliyini ön plana çıxarır. İqtisadi məzmun daşıyan memorandum sosial, mədəni, tarixi faktorlarla münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Biz inanırıq ki, bu tarixi görüş iki eyni etnik kökə malik olan qədim xalqların birliyinə, bərabərliyinə də təkan vermiş olacaqdır.

 
Günel Quliyeva
220 nömrəli məktəb-liseyin müəllimi

 

Keçidlər