Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Türkmənistan arasında mövcud əlaqələr müsbət dinamika ilə inkişaf edir

28 yanvar 2021 | 16:00

21 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilimişdir.

İmzalanan bu memorandum Türkmənistan-Azərbaycan münasibətləri ilə yanaşı, türk dünyası üçün, eyni zamanda regionun gələcək inkişafı üçün böyük töhfələr verəcək. Bu  saziş həm də SSRİ-nin dağılmasından sonra  Xəzərin dostluq dənizinə çevrilmə işində də mühüm addım olacaq. 44 günlük şanlı qələbədən sonra belə iqtisadi sazişin imzalanması Azərbaycanın regionun iqtisadi tarazlığındakı rolunu bir daha təsdiqləyəcəkdir.

Azərbaycan və Türkmənistan dövlətləri arasındakı əməkdaşlıq xalqlarımıza nemətlər bəxş edən nadir su hövzəsinin qorunmasına xidmət edir. Xalqlarının gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər və onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir. Dünya qaz ehtiyatının 9 faizini əlində cəmləşdirən qardaş Türkmənistan Respublikası bu memorandumla "Cənub Qaz Dəhlizi”ndə Türkmənistanın iştirakı məsələlərin müzakirə predmetinə çevirib. Bu istiqamətdə Azərbaycan, Türkmənistan, Türkiyə və Avropa İttifaqı çərçivəsində müzakirələrin getdiyi haqqında fikirlər yenidən gündəmə gələcək. Türkmənistan çox böyük qaz potensialına malikdir və buna görə dünyada 4-cü yerdə dayanır, ildə 80 milyard kubmetrdən çox qaz, 6 milyon tondan çox neft istehsal edir. Türkmənistan şimalda Rusiya, şərqdə Çin və cənub istiqamətində İrana qaz satışını həyata keçirir. Lakin Rusiya və İran istiqamətində satışda müəyyən problemlər yaranıb. İki istiqamətdə problemlər yaşandığından böyük qaz potensialı olan Türkmənistan olduqca maraqlıdır ki, Trans-Xəzər layihəsi çərçivəsində öz qazını Azərbaycan vasitəsilə "Cənub-Qaz-Dəhlizi”nə ötürə bilsin və bununla da Avropa bazarına çıxsın.

Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Türkmənistanı Azərbaycanın təşəbbüskarı olduğu bir sıra beynəlxalq layihələrə qoşmaq və onun neft-qaz potensialından istifadə etmək mümkün olacaq: "Türkmənistan Bakı-Tbilisi-Ceyhan, TANAP və digər layihələrə qoşula biləcək. Belə olduğu halda, hər iki dövlət qazanacaq”.

II Qarabağ müharibəsinin Azərbaycanın uğurlu qələbəsi ilə bitməsi bir daha sübut etdi ki, sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Bu ölkələr özlərini tamamilə təmin edən ölkələrdir. Azərbaycan və Türkmənistan istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Qarşılıqlı münasibətlərin bütün tarixi ərzində 100-dən çox sənəd imzalanıb, onların yarısı son 3 ildə imzalanıb.

Tarixi köklərlə bir-birinə bağlı olan gənc respublikaları bundan sonra  istər mədəni, istərsə də iqtisadi layihələrdə birgə fəaliyyətlərini uğurla davam etdirəcəklər. Bu da öz növbəsində dünyanın mədəni, iqtisadi və siyasi inkişafında Türk dünyasının rolunu bir daha artıracaq.

 

Vəli Hüseynli
61 nömrəli tam orta məktəbin müəllimi

 

 

 

Keçidlər