Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılış mərasimində iştirak etmişdir.
05 may 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq Heydər Əliyev prospektində “Şəfa” stadionunun qarşısında avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev öncə avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin sxeminə baxdı və əvvəlcə piyada keçidinin, sonra isə yeni avtomobil keçidinin rəmzi açılışını bildirən lentləri kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verərək piyada keçidinin ümumi uzunluğunun 214 metr, eninin 16,5 metr, hündürlüyünün 3 metr olduğunu, keçiddə müasir işıqlandırma sisteminin, həmçinin açıq havada piyadaların rahatlığı üçün eskalator quraşdırıldığını, avtomobil keçidinin ümumi uzunluğunun 224 metr, eninin 16,5 metr, hündürlüyünün 5,5 metr, açıq hissəsinin uzunluğunun 441 metr olduğunu, həmçinin 1480 metr uzunluğunda yeni yan yollar salındığını bildirildi.
Sonra dövlət başçısına Heydər Əliyev prospektində tikilmiş mövcud yeraltı avtomobil tunelindən keçərək Babək və Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil yolunun sxemi təqdim olundu və prezident İlham Əliyev layihələrin icrası ilə bağlı göstəriş və tapşırıqlarını verdi.