Şuşa – mədəniyyət paytaxtımızdır!
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin hər səfərinə baxarkən və hər çıxışına qulaq asarkən istənilən vətəndaş hiss edir ki, bu çıxış, vətənini, xalqını sevən hər kəs üçün bir fəaliyyət proqramıdır, yol xəritəsidir! 1 fevral 2021-ci il tarixində Abşeron Rayon Mərkəzi xəstəxanasının açılış mərasimindəki çıxışı bir daha sübut etdi ki, möhtərəm prezidentimiz bu torpağa, onun tarixinə, mədəniyyətinə necə hörmətlə yanaşır və bu xalqın sağlamlığının qayğısına qalır. Bu çıxışda qürur duyduğum məqamları bölüşməyi özümə borc bildim:
Birincisi, hər bir azərbaycanlının sağlamlığı dövlət başçısının daim diqqət mərkəzində olub. Belə ki, son 17 ildə 750-dən çox xəstəxana yenidən tikilib. Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pandemiyaya qədər bizdə 8 laboratoriya olduğu halda, indi bu say 42-dir və indiyədək bu laboratoriyalarda 2 mln 400 min test keçirilib. Pandemiya ilə mübarizədə əldə olunan yüksək nəticələrə görə “Azərbaycan modeli” ifadəsi gündəmə gəldi. Ümumdünya Səhiyyə Təşkilatı indi “Azərbaycan modeli” haqda danışır və Azərbaycan bu sahədə nümunəvi ölkə kimi təqdim edilir. Azərbaycan Cənubi Qafqazda əhalinin vaksinasiya olunmasına başlayan ilk ölkədir. Artıq 4 milyon doza vaksinin ölkəmizə gətirilməsi təmin olunmuşdur.
İkincisi, Erməni təcavüzkarları tərəfindən işğal olunmuş və 28 il işğal altında saxlanılan şəhər və kəndlər xarabalığa çevrilmişdir. İndiyə qədər dünya tarixində baş verən heç bir müharibədə belə vəhşiliyə, talançılığa, vandalizmə rast gəlinməmişdir. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinın büstlərinin gülləbaran edilməsi erməni vəhşiliyinin bariz nümunəsidir. Bu vəhşiliyi dünyanın bütün sivil ölkələrinin diplomatik korpuslarının nümayəndələrinə göstərməklə biz sübut etdik ki, biz 44 günlük müharibədə ən təhlükəli erməni faşizmini məhv etmişik! Müharibədən sonrakı diplomatik mübarizədə ermənilərdən hələ çox vəhşiliyin hesabı sorulacaqdır!
Üçüncüsü, şəhidlərimizin qanı hesabına işğaldan azad etdiyimiz torpaqlar öz qanuni sahiblərinə qaytarılacaqdır. Bu proses mərhələli, ardıcıl şəkildə yerinə yetiriləcəkdir. Azad olunan torpağımızın hər qarışını sevə-sevə cənnətə çevirəcəyik. Ən müasir şəhər və kənd infrastrukturları yaradılacaq. Dağıdılmış şəhərlər tezliklə elə planlı şəkildə bərpa ediləcək ki, oraya qayıdacaq insanların rahatlığı təmin olunsun, müasir, güclü Azərbaycanın gücü bütün dünyaya nümayiş etdirilsin. Amma bu şəraitdən istifadə edərək yararlanmağa çalışan, torpaq zəbt etməyə çalışan məmurlar da meydana çıxmağa başladı. Möhtərəm prezidentimiz onları bir sözü ilə öz yerlərində oturmağa məcbur etdi: ”Şuşa məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir”. Bu bir daha sübut edir ki, prezident xalqla birdir, o, xalqın dilində danışır!
Yaşasın azad, suveren, bütöv Azərbaycan! Yaşasın bütöv Azərbaycanın müstəqil siyasət aparan prezidenti İlham Əliyev!