Faşizm üzərində Qələbənin 69 illiyi ilə əlaqədar Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
09 may 2014-cü il tarixində faşizm üzərində Qələbənin 69 illiyi ilə əlaqədar Keşlə qəsəbəsindəki 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksi ziyarət edilmiş və “Xəmsə” istirahət mərkəzində rayonun Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir.
İlk öncə rayon ictimaiyyətinin nümayəndələri Keşlə qəsəbəsində yerləşən 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksini ziyarət etdilər.
Daha sonra tədbir “Xəmsə” istirahət mərkəzində Böyük Vətən Müharibəsi iştirakçıları üçün təşkil olunmuş ziyafətlə davam etdirildi.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov açaraq, Böyük Vətən müharibəsi iştirakçılarını faşizm üzərində Qələbənin 69 illiyi münasibətilə təbrik etdi və onlara cansağlığı, uzun ömür dilədi.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, rayon Veteranlar Şurasının sədri Yəhya Ağayev çıxış edərək, ikinci dünya müharibəsi illərinin bütün dünya üçün ağır və dəhşətli dövr olduğunu, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqlardan söz açdılar. Ümumilikdə, müharibə illərində cəbhədə Azərbaycandan 40 min könüllü olmaqla 600 minə yaxın vətəndaşlarımızın iştirak etdiyini, 300 minə yaxının cəbhədə həlak olduğunu, 130-a yaxın həmyerlimizin şücaətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 30 nəfərin Şərəf ordeni ilə, 170 min Azərbaycan əsgər və zabitlərinin SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildiyini diqqətə çatdırdılar. Həmçinin, möhtərəm prezidentimiz cənab İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, Böyük Vətən müharibəsi iştirakçılarının sosial vəziyyətlərini yaxşılaşdırmaq haqqında verdiyi sərəncamların onlara olan diqqət və qayğısının təzahürü olduğunu bildirdilər.
Sonda Böyük Vətən Müharibəsi veteranlarına maddi yardım göstərildi.