Şriftin ölçüsü :

Saytın rəngi :

15 may Beynəlxalq Ailə Günü münasibətilə Nizami rayonunda onlayn tədbir keçirilib

30 aprel 2021 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 07.04.2021-ci il tarixli, 1-326/21 nömrəli məktubuna əsasən 30 aprel 2021-ci il tarixində qonaqların, habelə yerli hüquq, səhiyyə və təhsil müəssisələrinin əməkdaşlarının və Bakı Texniki Kollecinin tələbələrinin iştirakı ilə 15 may Beynəlxalq Ailə Günü münasibətilə “Erkən nikahların və məişət zorakılığının fəsadları və bu halların qarşısının alınması” mövzusunda videoformatda konfrans keçirilib.

Konfransı  Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mənzər Rzayeva açaraq bildirib ki, erkən nikahlar və məişət zorakılığı sağlam ailə formalaşdırılmasında  mənfi təsirlər göstərən amillərdir. Onların fəsadları ağır faciəyə səbəb olur və nəticədə istər cəmiyyət üçün, istərsə də ölkəmiz üçün ictimai “başağrısı” yaradır. Bu sahədə aidiyyəti qurumlar əlaqəli işləməli, ilk növbədə maarifləndirmə işlərinin intensivliyi daha da artırılmalı, əhatəliliyi genişləndirilməli, müntəzəm və ardıcıl olaraq görüşlər keçirilməlidir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov çıxışında konfrans iştirakçılarına bir sıra məlumatlar verib və qeyd edib ki, insan hüquqlarının tərkib hissəsi olan qadın və uşaq hüquqları, gender bərabərliyi sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların qəbul edilməsi bu sahələrdə müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Ölkəmizin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” və “Uşaq hüquqları haqqında” BMT konvensiyalarına qoşulması, qadın və uşaq hüquqları sahəsində dövlət siyasətinin formalaşması, normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi və institusional islahatlar bu istiqamətdə atılan mühüm addımlardır. Qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, uşaq problemlərinin həllinin önə çəkilməsi istiqamətində görülən işlər, siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyi amilinə daha çox əhəmiyyət verilməsi insan hüquqlarının qorunmasına öz bəhrəsini verməkdədir. Lakin təcrübə göstərir ki, fundamental insan hüquqlarının məhdudlaşdırılması və pozulması halları, zorakılıq, o cümlədən cinsi mənsubiyyətə görə zorakılıq halları cəmiyyətin aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, habelə son illərdə Azərbaycan Respublikasının həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də problem olaraq qalmaqdadır.

Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi və bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması, məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının (qurumlarının) potensialının artırılması, qeyri-hökumət təşkilatlarının dəstəklənməsi, uzunmüddətli və kompleks yanaşma tələb olunur.

Bunlar nəzərə alınaraq, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” (bundan sonra – Milli Fəaliyyət Planı) hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

B.Hüseynov çıxışında, həmçinin, Milli Fəaliyyət Planının məqsədi, istiqamətləri və əsas prinsipləri barədə məlumatlar verib.

Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Maral Həsənova çıxışında erkən nikah probleminə xüsusi yer ayırıb və mövcud qanunvericilik barəsində məlumatlar verib. M.Həsənova qeyd edib ki, Azərbaycanda nikaha girmə yaşı 18-dir. Müstəsna hallarda 17 yaşda nikaha girməyə icazə verilir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasına görə isə 18 yaşı tamam olmayan hər kəs uşaq sayılır və uşaqların evlənməsi qadağandır.

Erkən nikah yaşı isə 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Lakin nikah yalnız hər iki tərəfin azad və tam razılığı əsasında baş verə bilər. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır: nikah könüllü olmalı və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır.

M.Həsənova həmçinin erkən nikahların fəsadları barədə danışıb və qeyd edib ki, bu hallarda fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Bunlardan əlavə, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur, əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.         

Erkən nikah təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, qızlar peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir, erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin "yükü"nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır, həmçinin boşanma hallarının sayı artır.

Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.

Konfransda həmçinin 32 saylı tam orta məktəbin psixoloqu Nigar Hüseynova və Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə çıxış edib, öz fikirlərini bildirib, gənclərə dəyərli tövsiyələrini veriblər.

Konfransda ümumi fikir vurğulanıb ki, ailə cəmiyyətdə mövcud olan mühüm institutlardandır. Onu qurmaq, qoruyub saxlamaq, yaş və psixi baxımından inkişaf tələb edir. Biz bu gün erkən nikahların və məişət zorakılığının fəsadlarını-nəticələrini boşanmaların və intihar hallarının artması səbəblərində axtarmalıyıq, internat evlərində uşaqların sayının artmasında axtarmalıyıq, insan alverinin qurbanı olan qadınların saylarının artmasında axtarmalıyıq. Bu kimi problemlərin həlli yolunda isə güclü maarifləndirmə işlərinin böyük əhəmiyyəti vardır.

 

  

  

 

Keçidlər