Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 may Beynəlxalq Ailə Günü münasibətilə “Milli-mənəvi dəyərlərin, ailə dəyərlərin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda onlayn tədbir keçirilib

04 may 2021 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 04 may 2021-ci il tarixində 15 may Beynəlxalq Ailə Günü münasibətilə “Milli-mənəvi dəyərlərin, ailə dəyərlərin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda onlayn tədbir keçirilib.

Tədbiri MKS-nin direktoru Sevil Əliyeva açaraq bildirib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən  folklorumuz bizim  milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin  milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov çıxışında qeyd edib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və  onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.

Ə.Axundov xüsusilə vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir” deməklə adət və ənənələrimizin xalqımızın həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirib.

Çıxışında ailə dəyərlərinə xüsusi yer ayıran Ə.Axundov bildirib ki, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün qurulmalıdır. Azərbaycan ailəsi hər şeydən əvvəl, milli adət-ənənələrimizi özündə yaşatmalıdır. Övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimizlə tərbiyə olunmalıdırlar. Böyüyə hörmət, milli dəyərlərə bağlılıq bu tərbiyənin əsasını təşkil edir. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailəsini qoruyan torpağını qoruyacaq, ailəsinin sabitliyini istəyən Vətənin əmin-amanlığını istəyəcəkdir. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlim ictimai mühitə də nüfuz edir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı, internetin həyatın hər sahəsinə nüfuz etməsi bir sıra müsbət tendensiyalarla yanaşı, bəzən neqativ rol da oynayır. Yad, millətimizə xas olmayan ideyaların, davranış tərzlərinin təbliği böyüməkdə olan nəslə bəzən yanlış yol göstərir. Ailə münasibətlərində bəzən arzuolunmaz transformasiyalar baş verir. Cəmiyyət, hər bir vətəndaş bu yad meyillərin qarşısını qətiyyətlə almalı, milli dəyərlərin qorunması, itməməsi üçün güc sərf etməlidir.

109 saylı tam orta məktəbin müəllimi Elza Məmmədova iştirakçıların nəzərinə çatdırıb ki, ailə dəyərləri milli-mənəvi dəyərlərin tərkib hissəsidir, ailə dəyərləri milli-mənəvi dəyərlərdən qaynaqlanır və nəsildən-nəslə ötürülür. Azərbaycan Respublikasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir.

MKS-nin şöbə müdiri Şamama Nəcəfova çıxışında diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizin qorunması, onların təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Zamanın müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərmiş, bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü, Azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirməlidir. Sözsüz ki, mənəvi dəyərlərin inkişafı ziyalılar nəslinin cəmiyyətə təsir gücündən, eləcə də, mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Bütün bunlar – ulularımızdan bizə gəlib çatan müqəddəs irsin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə əmanət edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün dünyada təbliği, qəbul olunması düşünülmüş, məqsədyönlü olmalıdır

MKS-nin böyük kitabxanaçısı Rəna Mustafayeva çıxışında qeyd edib ki, hər bir ailə mənsub olduğu xalqın, millətin milli-mənəvi dəyərləri haqqında müəyyən təsəvvürlər formalaşdırır. Azərbaycan ailələrinin əsrlərdən bəri bizə gəlib çıxan dəyərləri var. Zamanın təsirlərinə məruz qalsa da, fundamental dəyərləri bu günə qədər qoruyub saxlayıb. Əsas məqsəd bu dəyərləri gələcək nəsillərə də ötürməkdir.

 

 

Keçidlər