Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 may Beynəlxalq Ailə Günü münasibətilə növbəti onlayn tədbir keçirilib

06 may 2021 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti və 3 nömrəli  Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 06 may 2021-ci il tarixində 15 may Beynəlxalq Ailə Günü münasibətilə “Yaşlı və gənc nəslin dialoqunun düzgün formalaşması” mövzusunda onlayn tədbir keçirilib.

Tədbiri Mərkəzin direktoru Lalə Qəti açaraq bildirib ki, sağlam ailə formalaşdırılmasında yaşlı və gənc nəslin münasibətləri, qarşılıqlı  səmimiyyət və hörmət əlaqələrinin vəziyyəti və əxlaqi-mənəvi dəyərlərimizin qorunub saxlanılması və onların gənc nəslə çatdırılması mühüm rol oynayır. Bu mənada yaşlı və gənc nəslin dialoqunun düzgün qurulması hazırda ən çox əhəmiyyət kəsb edən məsələlərdən biridir. Belə dialoqlar ailə adət-ənənələrinin inkişafına, onun forma və məzmunca yeniləşməsinə xidmət edir, eyni zamanda əldə olunmuş nailiyyətləri və həllini gözləyən digər problemləri qabarıqlığı ilə göstərir. Dialoqun düzgün formalaşması istiqamətində hər birimizin üzərinə böyük vəzifələr düşür. Məhz bu səbəbdən də bugünkü tədbirimizin maarifləndirmə baxımından xüsusi əhəmiyyəti vardır.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov çıxışında qeyd edib ki, yaşlı nəslin təcrübəsi hər birimiz üçün örnəkdir və bu təcrübədən yararlanmaq, öyrənmək gənc nəslin yalnız xeyrinədir. Ancaq çox təəssüflər olsun ki, bəzi hallarda yaşlı-gənc dialoqu qarşılıqlı iradlara, özündənrazılıq əlamətlərinə və digər lazım olmayan mənfi hadisələrə şahidlik edir. Dialoq sağlam ruhda olmalı, tərbiyəvi əhəmiyyət daşımalı, qarşılıqlı hörmət və bir-birini dinləmək bacarığı nümayiş etdirməlidir.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov çıxışında düzgün tərbiyənin formalaşdırılmasının vacibliyini önə çəkib və xüsusilə də vurğulayıb ki, hər bir övlad və ya nəvə valideynlərə, baba-nənələrə çox əzizdir, lakin onların tərbiyəsi ondan da əziz olmalıdır.

Tədbirdə həmçinin  Mərkəzin yaşlı nəsli təmsil edən dərnək rəhbərləri Dursun Cəhrəmi, Məryəm Quliyeva və Rəna Kərimova, həmçinin gənc nəsli təmsil edən Aytən Bəylərzadə, Tahirə Məmmədova və Şəfəq Bəxtiyarova ailədə və uşaqların tərbiyəsində milli dəyərlərimizin qorunması, ailə məişət münasibətləri, ailə və işgüzar xanım və digər məsələlərlə bağlı çıxışlar edib, fikirlərini söyləyib, təkliflərini veriblər.

 

 

 

 

 

Keçidlər