Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Respublika Günü münasibətilə İcra Hakimiyyətində tədbir keçirilmişdir.

27 may 2014 | 15:00

26 may 2014-cü il tarixində Rayon İcra Hakimiyyətində 28 May Respublika Günü münasibətilə tədbir keçirilmişdir.
  Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, Aydın Mirzəzadə və Yaqub Mahmudov iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq,  iştirakçıları qarşıdan gələn 28 May Respublika Günü münasibətilə təbrik etdi və bu tarixin Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizədə unudulmaz səhifələrdən biri olduğunu diqqətə çatdıraraq, “Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusunda  məruzə etmək üçün sözü millət vəkili, politoloq Aydın Mirzəzadəyə verdi.
A.Mirzəzadə Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə ilk demokratik dövlət quruluşu olduğunu və xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini bildirdi. O, cümhuriyyətin yaradılmasında və fəaliyyət göstərməsində Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Məmmədəmin Rəsulzadənin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olduğunu vurğuladı. Əldə olunmuş müstəqilliyin 23 ay davam etməsinə baxmayaraq, bu müddətdə Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olduğunu, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, milli ordu və təhlükəsizlik strukturları qurulduğunu nəzərə çatdırdı. O, XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycanın ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edildiyini söylədi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında siyasi, iqtisadi və sosial islahatların uğurla həyata keçirildiyini, ölkə iqtisadiyyatının inkişaf etdiyini qeyd etdi.
Daha sonra millət vəkili, Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətindən söz açdı, eyni zamanda dövlət müstəqilliyini və suverenliyi əldə etməklə kifayətlənmədən, onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək üçün çalışmalı olduğumuzu bildirdi.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Bakı şəhəri Nizami rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış şəxsləri Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif etdi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdə və “Gül bayramı”nda fərqlənənləri, Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyinə həsr olunmuş intellektual yarışma qaliblərini, “Şahin” hərbi-idman oyununun iştirakçılarını mükafatlandırdı.

Keçidlər