Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda birinci Qarabağ və Vətən müharibələri veteranları ilə görüş keçirilib

19 iyun 2021 | 16:00

19 iyun 2021-ci il tarixində Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının təşkilatçılığı və Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə birinci Qarabağ və Vətən müharibələri veteranları ilə görüş keçirilib.

Görüşdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və Həmkarlar İttifaqının sədri Nəbi Hacıyev iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri, ehtiyatda olan mayor Yəhya Ağayev çıxış edərək, ötən ilin son aylarında ölkəmizin böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi nəticəsində neçə illər xəyallarını qurduğumuz anın gerçəkləşdiyini, otuz illik həsrətin sona çatdığını və Azərbaycan xalqının öz doğma torpaqlarına qovuşduğunu qeyd edib. Y.Ağayev xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən birinin vətənə sonsuz sevgi hissinin sarsılmazlığı olduğunu söyləyib. O bildirib ki, igidlərimizin vətənpərvərliyi, Vətənə, torpağa olan sevgisi nəticəsində Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. 44 gün davam edən döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduq­larını döyüşdə sübuta yetirdilər. Y.Ağayev  qeyd edib ki, 44 günlük müharibədə igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət, Vətənə olan sonsuz məhəbbət bütün gənc nəslimizə aşılanmalı və onlar vətənpərvər ruhda tərbiyə olunmalıdırlar.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev  Azərbaycan Ordusunun əldə etdiyi uğurlardan, özünün keçdiyi hərbi döyüş xatirələrndən danışıb. A.Haqverdiyev Azərbaycanın əldə etdiyi şanlı qələbənin əsasının son 17 il ərzində qoyulduğunu, Ordumuzun güc-qüdrətinə mühüm önəm verildiyini, ən müasir döyüş texnikasının alınma­sının gerçəkləşdirildiyini, eyni zamanda  əsgər və zabitlərin sosial şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanıldığını söyləyib.

Daha sonra, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov çıxış edərək, ötən ilin son aylarında düşmən təxribatlarının qarşısını almaq məqsədilə başlanan hərbi əməliyyatlar və 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi ilə torpaqlarımızın işğaldan azad olunduğunu və status-kvonun kökündən dəyişdiyini söyləyib. Bu möhtəşəm qələbəyə igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olunduğunu vurğulayan Ə.Axundov, bu gün Vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən igid oğulların dövlətimiz və Ali Baş Komandan tərəfindən lazımi səviyyədə dəyərləndirildiyini, onlara fəxri adlar verildiyini, orden-medallarla təltif olunduqlarını, onlara müavinətlərin təyin edildiyini, xatirələrinin əbədiləşdirildiyini qeyd edib. Dövlət başçısının sərəncamı ilə "Yaşat" Fondu yaradıldığını və Fond  tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasının həyata keçirildiyini nəzərə çatdırıb. Ə.Axundov çıxışının sonunda 44 günlük müharibədə igid oğulların göstərdikləri qəhrəmanlığın yeni nəslin vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynayacağını da vurğulayıb.

 

 

Keçidlər