Nizami rayonunda 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə onlayn tədbir keçirilib
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 09 iyun 2021-ci il tarixli, 02-182 nömrəli məktubuna əsasən 24 iyun 2021-ci il tarixində Nizami rayonunda 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə videokonfrans şəklində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul işçisi Vasif Quliyev, Nizami Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Nizami Rayon Prokurorunun müavini Günay Məmmədli, Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı əməkdaşı Mənzər Rzayeva, Bakı Texniki Kollecin direktor müavini Mələk Nağiyeva, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini Kəmalə Əncümənnur və Bakı Texniki Kollecin tələbəsi Selcan Xudiyeva çıxış ediblər. Çıxışlarda narkomanlıq və onun törətdiyi bəlalar, onlara qarşı mübarizənin məqsədyönlüyü, maarifləndirici tədbirlərin intensivliyinin daha da artırılması, onun məzmun və formasının dəyişdirilməsi, yeniyetmə-gənclərin asudə vaxtının səmərəli təşkili, narkotiklərlə bağlı hüquqpozmalar və bununla bağlı törədilmiş cinayət hadisələrinin qarşısının alınması, bu sahədə mövcud olan qanunvericiliyin əsasları və cəza tədbirləri, məktəblərdə sağlam həyat tərzinin təbliği və zərərli vərdişlərə qarşı aparılan tədbirlər, risk qrupları ilə psixoloji işlərin gücləndirilməsi, ailə-məktəb münasibətlərində tərbiyə məsələləri xüsusi diqqətin ayrılması və digər aktual məsələlər barəsində məlumatlar verilib, fikirlər səsləndirilib, maarifləndirmə tədbirlərinin əhəmiyyəti önə çəkilibdir. Çıxış edənlər tərəfindən xüsusilə vurğulanıb ki, narkomanlığa qarşı mübarizə tədbirləri mütəmadi davam etdirilməli, onun əhatiliyi və təsirediciliyi artırılmalı, tədbirlərdə əyani vasitələrdən və yeni təbliğat metodlarından geniş istifadə olunmalıdır.
Tədbirdə həmçinin sağlam həyat tərzinin alternativsiz seçim olması barədə bütün rayon gənclərinə müraciətlər edilib, “narkomaniyaya yox deyirik!” devizi yekdilliklə qəbul olunub.
Tədbirdə rayon gənclərin bir qrupu, habelə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin könüllüləri də iştirak ediblər.