Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

17 iyul 2021 | 16:00

17 iyul 2021-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti 3-cü Ərazi Yanğın Nəzarəti İdarəsi ilə birgə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin və 3-cü Ərazi Yanğın Nəzarəti İdarəsinin əməkdaşları,  yerli özünüidarəetmə orqanlarının, eləcə də xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qərib Məmmədov açaraq, müəssisə və təşkilat rəhbərlərinə yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə  riayət olunmasının və əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda, yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tədbirdə çıxış edən 3-cü Ərazi Yanğın Nəzarəti İdarəsinin rəis müavini İlqar Əliyev bildirib ki, Fövqəladə Hallar Nazirliyində “112” qaynar xəttinə daxil olan hər bir məlumata, o cümlədən yanğın hadisəsinə fövqəladə hadisə kimi çox önəm verilir. Yanğın haqqında məlumat daxil olan kimi dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin hadisəyə ən yaxın məsafədə yerləşən yanğın hissəsi məlumatlandırılır. Həyəcan siqnalını hər saniyə hazır vəziyyətdə gözləyən əməkdaşlar heç bir dəqiqə keçməmiş hadisə yerinə yollanırlar. Hər bir yanğının fövqəladə hadisə olduğunu qeyd edən İ.Əliyev çox vaxt böyük yanğınların kiçik yanğınlardan törəndiyini və kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığını vurğulayaraq, məişət tullantılarının, qurumuş kol-kosun yandırılmasının yolverilməz olduğunu söyləyib. Həmçinin, yaşayış məntəqələrində qurumuş kol-kosun yandırılmasının yaxınlıqda yerləşən digər obyektlərdə yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğunu söyləyərək bildirib ki, bu kimi halların qarşısının alınması məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən əhali arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işləri aparılmalıdır.

Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bayram Bayramov, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Emin Hüseynov, Rayon Təmizlik Sahəsinin müdiri Güloğlan Səfərov, Rayon Yaşıllıq Sahəsinin müdiri Məhərrəm Əliyev mövzu ətrafında çıxış ediblər. 

Keçidlər