Nizami rayonunda şəhid Məmmədov Murad Elşən oğlunun anım günü keçirilib
20 oktyabr 2021-ci il tarixində Nizami rayonunda 44 günlük Vətən Müharibəsində şəhid olmuş Məmmədov Murad Elşən oğlunun anım günü keçirilib.
Anım mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov, şəhidin doğmaları, şəhid anaları və rayon ictimaiyyəti iştirak ediblər.
Şəhid Murad Məmmədovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarının xatirəsi dərin ehtiramla yad olunub.
Murad Məmmədov Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Murad Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələrini bölüşüblər, dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.