Birinci Qarabağ müharibəsi şəhidi Atakişi Qəhrəman oğlu Atayev Keşlə Şəhidlər Xiyabanında dəfn olunub
1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Atakişi Qəhrəman oğlu Atayev Nizami rayonunun Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
19 mart 2025-ci il tarixində şəhid Atakişi Qəhrəman oğlu Atayev Keşlə Şəhidlər Xiyabanında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub. Daha sonra mərasim evində ehsan süfrəsi təşkil olunub.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, Nizami rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.