Birinci Qarabağ müharibəsində şəhid olmuş həkim-leytenant Məmmədov Mübariz İlyas oğlu Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında torpağa tapşırılıb
1992-ci ildə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş 14.08.1966-cı il təvəllüdlü şəhid həkim-leytenant Məmmədov Mübariz İlyas oğlunun nəşi ailəsinə təhvil verilib.
20 sentyabr 2024-cü il tarixində şəhid Mübariz Məmmədovun ailəsinin yaşadığı M.Abbasov küçəsi 13A saylı binanın qarşısında vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhid Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında Daxili Qoşunların Hərbi Orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub.
Daha sonra şəhidin xatirəsinə ehsan süfrəsi təşkil olunub.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Daxili İşlər Nazirliyinin nümayəndələri, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Nizami rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.