Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Abbasov Məhərrəm Abbas oğlu Nizami rayonunun Keşlə Şəhidlər Xiyabanında torpağa tapşırılıb
Vətən müharibəsindən sonra 17 fevral 2021-ci ildə, Şuşanın Daşaltı kəndində aşkar olunan kütləvi məzarlıqda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilmiş itkin düşənlərdən biri olan, Birinci Qarabağ müharibəsi dövründə, 31 il əvvəl Daşaltı əməliyyatında şəhid olan, Nizami rayon sakini olmuş, 26.02.1961-ci il təvəllüdlü hərbi qulluqçu Abbasov Məhərrəm Abbas oğlunun meyit qalılqları ailəsinə təhvil verilib.
23 avqust 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Məhərrəm Abbasovun yaşamış olduğu B.Çobanzadə küçəsi 45 ünvanında vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Keşlə Şəhidlər Xiyabanında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub. Daha sonra mərasim evində ehsan süfrəsi təşkil olunub.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin, Nizami rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.