Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində şəhid olmuş İbrahimov Camaləddin İbad oğlu Suraxanı rayonunun Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında torpağa tapşırılıb

15 avqust 2024 | 15:10

1994-cü ildə Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüş hesab olunan Nizami rayon sakini olmuş, 19.04.1959-cu il təvəllüdlü şəhid İbrahimov Camaləddin İbad oğlunun nəşi ailəsinə təhvil verilib.

15 avqust 2024-cü il tarixində şəhid Camaləddin İbrahimovun ailəsinin yaşadığı Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsində yerləşən evin qarşısında vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Əmircan qəsəbəsi Şəhidlər Xiyabanında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub.

Daha sonra şəhidin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Müdafiə Nazirliyinin, Nizami və Suraxanı rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, qazilər, media nümayəndələri iştirak ediblər.

Keçidlər