Şriftin ölçüsü :

Saytın rəngi :

“Hüququn zirvəsinə səfər” layihəsi çərçivəsində Ali Məhkəməyə maarifləndirici tur təşkil edilib

12 iyun 2025 | 14:37

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”ndə ““Hüququn zirvəsinə səfər” layihəsi çərçivəsində Nizami rayonunun fəal və təşəbbüskar gənclərinin iştirakı ilə Ali Məhkəməyə maarifləndirici səfər həyata keçirilib.

Tədbirin məqsədi gənclərə ölkənin ali hüquq orqanının fəaliyyəti barədə əyani məlumat vermək, onların hüquqi maariflənməsini təmin etmək və dövlət idarəçiliyinə marağını artırmaqdan ibarətdir.

Səfər zamanı gənclərə məhkəmə sisteminin strukturu, fəaliyyət prinsipləri və hüquqi prosedurlar barədə ətraflı məlumat verilib. Ali Məhkəmənin inzibati binası, iclas zalları, arxiv və sənədləşmə bölmələri ilə tanış olan gənclər, hüquqi dövlət quruculuğunun əsas sütunlarından biri olan müstəqil məhkəmə sisteminin əhəmiyyəti barədə real təsəvvür qazanıb, məhkəmə orqanının iş prinsipləri, qanunvericiliyin tətbiqi, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı suallara cavab alıblar.

Bu səfər gənclərin hüquqi biliklərinin artırılması, ədalət anlayışının formalaşdırılması və vətəndaş məsuliyyətinin gücləndirilməsi baxımından da mühüm addımdır.

Tədbirin sonunda gənclər bu cür maarifləndirici səfərlərin onlarda hüquqi düşüncənin formalaşmasına və hüquqi dövlət quruculuğuna daha yaxından bələd olmalarına mühüm töhfə verdiyini bildiriblər.

Keçidlər