"Mygov" platforması barədə vətəndaşlara məlumat verilib
07 oktyabr 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbir çərçivəsində "Mygov" platformasına dair maarifləndirmə işləri həyata keçirilib. Tədbir zamanı Rayon İcra Hakimiyyətinin əməkdaşları sakinlərə platformanın portalı və mobil tətbiqi barədə ətraflı məlumat veriblər.
Vətəndaşlara "Mygov"un dövlət xidmətlərini və sənədləri tək bir tətbiqdə cəmləşdirdiyini izah edən məlumat broşürləri paylanılıb. Broşürlərdə yer alan QR kod vasitəsilə tətbiqi mobil telefona yükləmək və xidmətlərlə tanış olmaq imkanı yaradılıb. QR kodu skan edən sakinlər sosial müdafiə, şəhərsalma və arxitektura, daşınmaz əmlak, ailə, qadın və uşaq məsələləri, mənzil-kommunal təsərrüfatı və vətəndaş müraciəti kimi istiqamətlər üzrə xidmətlərlə yaxından tanış olublar.
Rayon İcra Hakimiyyətinin əməkdaşları yaşlı sakinlərlə fərdi şəkildə söhbət apararaq broşürlərdəki məlumatları izah edib, tətbiqdən istifadə qaydaları ilə bağlı onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"na əsasən, rəqəmsal dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" platformaları vasitəsilə "bir pəncərə" prinsipi ilə göstəriləcək.
Maarifləndirmə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.






