Şriftin ölçüsü :

Saytın rəngi :

Nizam rayonunda Vətən müharibəsi şəhidi, leytenant Kənan Süleymanlının adını daşıyan küçənin ünvan lövhəsinin açılışı olub

30 yanvar 2025 | 16:00

30 yanvar 2025-ci il tarixində Nizami rayonunda Vətən müharibəsi şəhidi, leytenant Süleymanlı Kənan Sadıx oğlunun doğum günündə adını daşıyan küçənin ünvan lövhəsinin açılış mərasimi olub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 211 nömrəli 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə Nizami rayonundakı “Xəmsə küçəsi”nin adı dəyişdirilərək “Kənan Süleymanlı küçəsi” adlandırılıb.

Açılış mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Rayon İcra Hakimiyyətinin başçısı müavinləri İldırım Mehdiyev və Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, RİHB aparatının əməkdaşları, qazilər, şəhidlərin ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov  44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və Ordumuzun qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfər qələbəsindən və bu Qələbəni bizə bəxş edən əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb. Eyni zamanda, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin unudulmayacağını, onlara və ailələrinə hər zaman diqqət və qayğı göstəriləcəyini bildirib.

Daha sonra çıxış edən şəhidin ailə üzvləri və yoldaşları onun qəhrəmanlığından, vətənpərvərliyindən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Qeyd edək ki, Kənan Süleymanlı 09 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər