Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
6 mart 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevin 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Rayon Veteranlar təşkilatının sədri Yəhya Ağayev, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyevi 80 illik yubileyi münasibətilə təbrik edib, ona cansağlığı, uzun ömür və fəaliyyətində yeni müvəffəqiyyətlər arzulayıb.
Mayıl Əliyevin uğurla sədrlik etdiyi Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək qiymətləndirən Coşqun Cəbrayılov, ağsaqqalların rayonun ictimai-siyasi həyatındakı mövqeyini xüsusilə vurğulayıb. Həmçinin gənc nəslin tərbiyəsində, cəmiyyətdə əxlaqi dəyərlərin formalaşmasında və ailə institutunun möhkəmləndirilməsində ağsaqqalların mühüm rola malik olduğunu söyləyib.
Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli Mayıl Əliyevi Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvləri adından təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı, gənclərimiz üçün nümunə olan şərəfli ömür yolunda və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb. Mayıl Əliyevin və onun timsalında bütün ağsaqqalların xalqımız üçün hər zaman dəyərli olduğunu qeyd edib.
Daha sonra çıxış edənlər Mayıl Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs ediblər və ona gələcək işlərində uğurlar arzulayaraq, öz səmimi təbriklərini çatdırıblar.
Tədbirdə yubilyara hədiyyələr, diplom və fəxri fərmanlar təqdim olunub.
Mayıl Əliyev çıxışında onu yubiley münasibətilə təbrik edənlərə və bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.