Nizami Rayon İcra Hakimiyyəti FHN Bakı Regional Mərkəzi ilə birgə müşavirə keçirib
Nizami Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə 5 dekabr 2023-cü il tarixində "Nizami rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr" və "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda rayon müşavirəsi keçirib.
Müşavirədə Rayon İcra hakimiyyətinin əməkdaşları, FHN Bakı Regional Mərkəzinin nümayəndələri, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil ocaqlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov payız-qış mövsümündə sakinlərinin elektrik və qazdan daha çox istifadə etdiklərini, bu səbəbdən də yanğınların başvermə ehtimalının, dəm qazından boğulma, zəhərlənmə kimi xoşagəlməz hadisələrin baş verdiyini qeyd edərək, bu istiqamətdə profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.
Müşavirədə çıxış edən Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri cari ildə rayonda mülki müdafiə sahəsində görülmüş işlər və 2024-cü ildə qarşıda duran vəzifələrdən, yaşayış massivlərində yanğınların baş vermə səbəbləri və onların aradan qaldırılma yollarından, yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yollarından danışıblar.
Tədbirdə çıxış edən Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, yerli icra hakimiyyəti və özünüidarə orqanları ilə mülki müdafiə sahəsində əhalinin maarifləndirilməsi üzrə qarşılıqlı fəaliyyətin gücləndirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə verilən tövsiyələrin icrasının təmin edilməsi məqsədilə ciddi tədbirlərin görülməsinin, nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayaraq müvafiq qurumların rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verib.