Nizami Rayon İcra Hakimiyyətində etik davranış qaydalarına həsr olunan iclas keçirilib
30 dekabr 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində "Dövlət qulluqçularının etik davranış qaydaları və prinsipləri" mövzusunda iclas keçirilib.
İclasda Rayon İcra Hakimiyyəti başçısı aparatında, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə çalışan dövlət qulluqçuları iştirak edib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov idarəetmə sistemində dövlət qulluqçularının rolundan danışaraq bildirib ki, onlar çalışdıqları sahədə, tutduqları vəzifələrə məsuliyyətlə yanaşmalı, etik davranış və peşəkar fəaliyyətləri ilə vətəndaşların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməli, insanların dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidirlər.
Eyni zamanda, qeyd edib ki, bu gün xalqımız dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücayəti sayəsində qazanılmış şanlı Zəfərin təntənəsi ilə yaşayır. Tariximizə qızıl hərflərlə həkk olunmuş qalibiyyətlər dövrü hər bir dövlət qulluqçusu qarşısında yeni vəzifələr və tələblər qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin çoxşaxəli fəaliyyəti bütün dövlət qulluqçuları tərəfindən izlənilməli və dərindən öryənilməli, dövlət qulluqçuları mütəmadi olaraq öz fəaliyyətləri çərçivəsində daim biliklərini mükəmməlləşdirməli, yeni iş bacarıqlarının əldə olunması üçün çalışmalıdırlar.
Rayon İcra Hakimiyyəti başçısının müavini – etik müvəkkil İldırım Mehdiyev dövlət qulluqçusunun xidməti davranışının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini bildirib və hər bir dövlət qulluqçusunun bu qanunun müddəalarına əməl etməyə borclu olduğunu vurğulayıb.
Etik müvəkkil "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar etik davranış məsələləri ilə bağlı aparılmış maarifləndirmə işlərindən danışıb. Bundan əlavə, etik davranış məsələləri ilə bağlı ötən dövr ərzində dövlət qulluqçularının qeyri-etik davranışı və ya hər hansı qanun pozuntusuna yol verməsi barədə ərizə və ya şikayətin qeydə alınmadığını diqqətə çatdırıb.
İclasda dövlət qulluğuna yeni qəbul edilən əməkdaşlara bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmaları, ictimai etimadı yüksəltmələri, fəaliyyətlərində səmərəliliyi və şəffaflığı artırmaları, qulluq etdikləri dövrdə maraqların toqquşmasına yol verməmələri və öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməmələri barədə etik davranış qaydaları ilə bağlı məlumatlar verilib və onlarla mövzu ətrafında fikir mübadiləsi aparılıb.