Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 03 aprel 2026-cı il tarixində C.Naxçıvanski küçəsi 26 ünvanında yerləşən 242 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul keçirib.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
RİH başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, bu cür mütəmadi görüşlərin keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, sakinlərin qarşılaşdığı çətinlikləri birbaşa özlərindən dinləmək və qaldırılan məsələlərin operativ həllinə nail olmaqdır. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, yerlərdə keçirilən səyyar qəbullar müraciətlərin araşdırılması müddətini qısaldır və işin keyfiyyətini artırır.
Qəbul zamanı sakinlərin müxtəlif mövzulardakı rəy və təklifləri diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb. Araşdırma tələb edən digər müraciətlərin qısa müddətdə icrası ilə bağlı aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verilib və onların icrası RİH başçısının nəzarətinə götürülüb.






