Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı TUNA QSC-də yeni avadanlıqların təqdimat mərasimində iştirak edib

19 fevral 2026 | 17:39

19 fevral 2026-cı il tarixində Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən TUNA QSC-nin Kağız və Plastik Film Qablaşdırma Materialları fabrikində yeni quraşdırılmış avadanlıqların təqdimat mərasimi keçirilib.

Ölkə başçısı İlham Əliyev tərəfindən sahibkarlığın inkişafı, qeyri-neft sektorunun genişləndirilməsi və milli iqtisadiyyatın gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkəmizdə əlverişli biznes mühiti formalaşdırılıb. Dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğı yeni istehsal sahələrinin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi və məşğulluğun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu siyasətin tərkib hissəsi olaraq Nizami rayonunda da sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirilir, inkişaf perspektivləri müzakirə olunur.

Təqdimat mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov müəssisənin istehsal sahələrinə baxış keçirib, yeni quraşdırılmış avadanlıqlarla yaxından tanış olub.

Şirkətin təsisçisi Rəşid Çulaqov müəssisənin fəaliyyəti, mövcud istehsal imkanları və gələcək inkişaf strategiyası barədə ətraflı məlumat verib. Bildirilib ki, yerli istehsalın genişləndirilməsi və keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı ölkə iqtisadiyyatının dayanıqlı inkişafında mühüm rol oynayır.

Məlumat verilib ki, fabrikdə quraşdırılan veb-ofset üsullu 8 rəngli, 1 qülləli A4 və A5 qatlama kitab, jurnal və insert çap xətti, eləcə də 6 rəng ofset + 2 rəng flekso (ümumilikdə 8 rəng) üsulu ilə rulon etiket çap maşınları müasir tələblərə cavab verən, yüksək sürətli və məhsuldar avadanlıqlardır. Yeni investisiyalar müəssisənin istehsal gücünün artırılmasına, məhsul çeşidinin genişləndirilməsinə və daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.

Ziyarət çərçivəsində dəyirmi masa ətrafında müzakirələr aparılıb, istehsalın daha da artırılması imkanları, yeni investisiya planları, məşğulluğun genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Rayon rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına bundan sonra da dəstək göstəriləcəyi vurğulanıb, fəaliyyətin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində yarana biləcək maneələrin aradan qaldırılması üçün lazımi dəstəyin göstərilməsinə hazır olunduğu bildirilib.

Görüş zamanı sahibkarlara dövlət səviyyəsində xüsusi diqqət göstərildiyi qeyd olunub və yeni investisiyaların təşviqinin prioritet istiqamətlərdən biri olduğu diqqətə çatdırılıb.

Sonda Nizami Rayon İcra Hakimiyyətinin başçısı müəssisə kollektivi ilə görüşərək onların ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfəni yüksək qiymətləndirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Şirkət rəhbərliyi ölkədə sahibkarlara göstərilən diqqət və dəstəyə görə Möhtərəm Prezident Cənab İlham Əliyevə öz dərin minnətdarlığını ifadə edərək qarşıdakı dövrdə fəaliyyətin daha da genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib.

Keçidlər