Nizami rayon sahibkarları ilə Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın daha da inkişaf etdirilməsi, bu sahəyə diqqət və dəstəyin artırılması ilə bağlı tapşırıqlarına əsasən Nizami Rayon İcra Hakimiyyətində müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla dəyirmi masa keçirilib.
Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün Azərbaycanın ən çox islahatlar aparan ölkələrdən biri olduğunu qeyd edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov bildirib ki, ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ölkəmizdə iqtisadi siyasətin prioritet istiqamətlərdən birini təşkil edir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, özəl sektorun payını və rolunu artırmaqla, sahibkarlığın inkişafına güclü təkan verir. Eyni zamanda, sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının artması ilə özəl sektorda yeni iş yerlərinin yaranması da ölkədə məşğulluğun təmin olunmasına öz töhfəsini verir. Azərbaycanda yaranmış siyasi sabitlik və ölkəmizin dünyada günü-gündən artan nüfuzu xarici investorların ölkəmizə marağının artmasına səbəb olur.
Görüşdə çıxış edən sahibkarlar ölkəmizdə sahibkarlığın yüksək səviyyədə dəstəkləndiyini, fəaliyyətə başlamaq üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, möhtərəm Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Görüş zamanı sahibkarları narahat edən məsələlər, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində rəy və təkliflər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Çıxışlar zamanı sahibkarlar arasında qarşılıqlı əlaqələrin qurulması, eyni zamnda, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədilə Rayon Sahibkarlar Klubunun yaradılması təklif edilib və qeyd olunan təklif dəyirmi masa iştirakçıları tərəfindən müsbət qarşılanaraq, bu kimi görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunub.
Qeyd edə ki, iclasda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi, Nərimanov-Nizami-Suraxanı regional birləşmiş Həmkarlar İttifaqları Komitəsinin nümayəndəsi və müxtəlif sahələrdə fəaliyyət göstərən rayon sahibkarları iştirak ediblər.