Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə dəyirmi masa keçirilib

01 avqust 2024 | 14:51

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə dəyirmi masa keçirilib.

Dəyirmi masada Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış ediblər.

Çıxışlarda ana dilimizin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışılıb və qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub, milli dövlət quruculuğunun tərkib hissəsi olaraq bütöv bir sistemi təşkil edib. Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində hələ sovetlər dövründə, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin inkişafında müstəsna rol oynayıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi ana dilimizin hərtərəfli inkişaf etdirilməsi sahəsində də Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük işlərin həyata keçirilməsi, 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilməsi, Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində bir sıra Fərman və Sərəncamların    verilməsi,  Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqust ayının 1-i “Azərbaycan əlifbası və Azərbaycan dili” günü kimi təsis edilməsi də vurğulanıb.

Çıxış edənlər həmçinin qeyd ediblər ki, bu gün müstəqil ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin dövlət dili siyasəti çox uğurla davam etdirilir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Möhtərəm Prezidentimizin Azərbaycan dilinin qloballaşma şəraitində qorunması və hərtərəfli inkişafı istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri ailəsi, ümumilikdə, Azərbaycan ziyalıları tərəfindən minnətdarlıqla qarşılanır.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər