Nizami rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün “Bir Döyünür Ürəyimiz” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək şəhid və qazi övladlarını 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb. Qeyd edilib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulubdur. Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevirdi, müstəqil Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Bütün sahələrdə olduğu kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti də bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən çox uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir.
Xüsusi olaraq vurğulanıb ki, uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir.
Tədbirdə həmçinin uşaq yazıçısı Reyhan Yusifqızı, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının nümayəndəsi Könül Niftiyeva, Missiya Media Qrupunun rəhbəri Nicat Dağlar çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Vətən müharibəsi iştirakçısı Fərid Məmmədov çıxış edərək övladlarına daim göstərilən hərtərəfli qaygı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya şəhid və qazi ailələri adından minnətdarlıqlarını çatdırıb.
Tədbirdə uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olunub.
Tədbirin sonunda şəhid və qazi övladlarına Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupunun xüsusi hədiyyələri təqdim olunub, həmçinin uşaq yazıçılarının imzalı kitabları verilib.