Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib

14 iyun 2022 | 15:36

14 iyun 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda konfrans keçirilib.

Konfransda Milli Məclisin deputatları, tarixçi alimlər, qazilər, gənclər və rayon ictimaiyyəti  iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda xüsusi hazırlanmış video film nümayiş etdirilib.

Konfransı Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov giriş sözü ilə açaraq qeyd edib ki, Müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi, müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısının böyük məharətlə alınması ilə yanaşı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirildi. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu.

15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir və bunun nəticəsidir ki, müasir, demokratik, müstəqil Azərbaycan dünya səviyyəsində mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevrilib.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.

Tədbirdə həmçinin, Milli Məclisin deputatları, tarixçi alimlər, Vətən müharibəsi qazisi, rayon ictimaiyyət nümayəndələri çıxış ediblər, 15 İyun – Milli Qurtuluş Gününün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu bir daha vurğulayıblar. Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıblar.

Keçidlər