Nizami rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edilib
31 yanvar 2026-cı il tarixində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Zəfər konsepsiyası və Azərbaycançılıq ideologiyası kontekstində müasir gəncliyin prioritet vəzifələri” mövzusunda tədbir keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanda gənclər siyasəti, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı, tövsiyə və vəsiyyətləri barədə video-çarx nümayiş etdirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Könül Nurullayeva, Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü bütün gəncliyimiz üçün Ulu Öndər Heydər Əliyevin hədiyyəsi, diqqət və qayğısının nümunəsidir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq 1996-cı ildə Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1998-ci ildə gənclər günü elan edilib. Bu isə bir daha Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə verdiyi dəyərin parlaq göstəricisidir.
Natiqlər Ulu Öndər Heydər Əliyevin mənəvi mirası olan Azərbaycançılıq ideologiyasının və öz canı, qanı bahasına torpaqları işğaldan azad etmiş, ərazi bütövlüyü və suverenliyi bərpa etmiş gəncliyimizin müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırdığı Zəfər Konsepsiyasının ölkə gəncliyi qarşısında müəyyən etdiyi prioritetlər barədə danışıb, qürurlu və qalib xalqımızın gələcəyi olan gəncliyimizin əsas vəzifələrindən bəhs ediblər.
Daha sonra Nizami rayonunun ictimai və mədəni həyatında fəallığına görə bir qrup gənc Nizami Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə bir qrup gənc fəxri fərmanlar, təşəkkürnamələr, rayon təşkilatının könüllülük layihəsinin məzunları və “Qış məktəbi”ni uğurla başa vuran iştirakçılar sertifikatlar ilə təltif ediliblər.






