Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirilib

19 yanvar 2024 | 12:36

19 yanvar 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər iştirak ediblər.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, bu eyni zamanda xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin şərəfli bir səhifəsidir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Qeyd olunub ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi, Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.

Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı.

Bu gün respublikamızda 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə və şəhid ailələrinə xüsusi qayğı və diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Tədbirdə həmçinin “20 Yanvar” İctimai birliyinin sədri Sultan Əzimzadə, şəhid ailəsi Ziyafət Rüstəmova, “20 Yanvar” əlilləri Gülağa Şərifzadə və Kifayət Qurbanova çıxış edərək  onlara göstərilən  böyük diqqət və qayğıya  görə  ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər