Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan tədbir keçirilib

17 yanvar 2025 | 10:48

17 yanvar 2025-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində ictimaiyyət nümayəndələrinin, gənclərin, 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin iştirakı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan tədbir keçirilib.

İlk öncə 20 Yanvar şəhidlərinin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış ediblər.

Qeyd olunub ki, 1990-cı il 20 Yanvar günü çağdaş tariximizin faciəli və kədərli qan yaddaşı, həm də xalqımızın qəhrəmanlıq və rəşadət səhifəsidir. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

Lakin 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı həmin dövrdə hakimiyyətdə olanlar tərəfindən heç bir siyasi addım atılmayıb və əsl həqiqəti aşkar etməyə özlərində cəsarət tapmayıblar.

Yalnız  Ümummilli Lider Heydər Əliyev qətiyyət və siyasi iradə nümayiş etdirərək faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan edib, bu hadisəni isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırıb.

Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, 1994-cü il martın 29-da isə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilib, 20 yanvar faciəsinin günahkarları qeyd olunub və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirilib, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edilib, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirilib,  “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

20 yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunub.

Vurğulanıb ki, bu gün respublikamızda 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə və şəhid ailələrinə xüsusi qayğı və diqqət göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb, onlara  Prezident təqaüdü verilir. 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir

Tədbirdə həmçinin 20 Yanvar şəhid ailəsi Ziyafət Rüstəmova, 20 Yanvar əlilləri Gülağa Şərifzadə və Namiq Əhmədov çıxış edərək  onlara göstərilən  böyük diqqət və qayğıya  görə  ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Keçidlər