Nizami rayonunda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
Nizami Rayon İcra Hakimiyyətində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “20 Yanvar” cəmiyyətinin sədri Sultan Əzimzadə, 20 Yanvar şəhidlərinin ailələri və əlilləri, rayon ağsaqqalları və gəncləri iştirak ediblər.
İlk öncə ulu öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada giriş sözü ilə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 1990-cı ilin 20 yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bu qanlı cinayətə ilk rəsmi etirazını bildirən ümummilli lider Heydər Əliyevin olduğunu, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini, hərbi təcavüz və cinayət olduğunu bildirdiyini diqqətə çatdırıb. 20 Yanvar hadisələrinin əsl həqiqətlərinin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünya ictimaiyyətinə çatdırıldığını və faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini bildirib. Ümummilli Liderin bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirdiyini və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etdiyini söyləyib. Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərildiyini, həyata keçirdiyi tədbirlərlə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirildiyini, “20 Yanvar şəhidi” adının təsis edildiliyini, Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradıldığını və bu kompleksin böyük tarixi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bu gün Ümummilli Liderimizin daxili və xarici siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya qoyulduğunu, dövlət başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıldığını vurğulayıb.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva və “20 Yanvar” cəmiyyətinin sədri Sultan Əzimzadə çıxışlarında tariximizin qan yaddaşına əbədi həkk olunan 20 Yanvar hadisələrinin təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu söyləyiblər. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə etiraz edən ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq, 20 Yanvar hadisələrinin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyini diqqətə çatdırıblar. Həmçinin 20 Yanvar faciəsinin məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldığını vurğulayıblar.
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxışında qanlı yanvar hadisələrinin Azərbaycan xalqının milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olduğunu söyləyib. Xalqın ümummili lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyətinin məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə araşdırıldığını, hadisəyə hüquqi-siyasi qiymət verildiyini, cinayəti törədənlərin adlarının ictimaiyyətə açıqlandığını bildirib.
Dəyirmi masada bu il 20 Yanvar hadisələrinin 33-cü ildönümünün qeyd edildiyi, igid övladların fədakarlığının xatırlandığı, onların əziz xatirəsinin böyük ehtiramla yad edildiyi, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yeri olduğu diqqətə çatdırılıb və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağı vurğulanıb.