Nizami rayonunda 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüş keçirilib
19 yanvar 2026-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar 20 Yanvar şəhid ailələri və əlillərlə görüş keçirilib.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək qeyd edib ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir, bu eyni zamanda xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin şərəfli bir səhifəsidir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Qeyd olunub ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi, Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi.
Eyni zamanda 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsi ilə bağlı ali qanunvericilik orqanı – Milli Məclisdə Qərar qəbul edildi, faciəyə ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.
Vurğulanıb ki, qanlı yanvar hadisələri xalqımızın milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
20 Yanvar şəhidlərinin müqəddəs qanı ilə başlanan azadlıq yolu bu gün öz məntiqi nəticəsinə çatıb. Müstəqillik və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub. Hazırda Azərbaycanın üçrəngli Bayrağı bütün torpaqlarımızda qürurla dalğalanır.
Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.
Görüşdə, həmçinin “20 Yanvar” şəhid ailələri və əlilləri adından Ziyafət Rüstəmova və Gülağa Şərifzadə çıxış edərək, onlara göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.






