Şriftin ölçüsü :

Saytın rəngi :

"Nizami rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr" və "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda rayon müşavirəsi keçirilib

25 noyabr 2022 | 14:27

25 noyabr 2022-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti FHN Bakı Regional Mərkəzi ilə birgə "Nizami rayonunda 2022-ci ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr" və "Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti" mövzusunda rayon müşavirəsi keçirib.

Müşavirədə FHN Bakı Regional Mərkəzinin nümayəndələri, Rayon İcra hakimiyyətinin əməkdaşları, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil ocaqlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.  

Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov payız-qış mövsümündə sakinlərinin elektrik və qazdan daha çox istifadə etdiklərini, bu səbəbdən də yanğınların başvermə ehtimalının, dəm qazından boğulma, zəhərlənmə kimi xoşagəlməz hadisələrin baş verdiyini qeyd edərək, bu istiqamətdə profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxış edərək yanğın hadisələrinə qarşı mübarizədə maarifləndirmənin rolundan danışıb, həmçinin rayon ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyət və problemlər, onların həlli yolları barədə ətraflı məlumat verib.

Müşavirədə çıxış edən Bakı Regional Mərkəzinin nümayəndələri rayon üzrə mülki müdafiənin vəziyyəti, yanğınların baş vermə səbəbləri, yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yollarından danışıblar. Çıxışlar zamanı  odsöndürən balonlardan istifadə qaydaları və məişətdə yanğın təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş olunub, tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.

Müşavirədə həmçinin rayonda yanğın təhlükəsizliyi və mülki müdafıənin təşkili ilə bağlı görülən işlər, enerji təchizatının və qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları, baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili barədə məruzələr edilib. Eyni zamanda, 2021-2022-ci illər üçün yanğın zamanı ilkin tibbi yardım üzrə statistik məlumatlar səsləndirilib.

Müşavirənin sonunda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov tədbirdə verilən tövsiyələrin icrasının təmin edilməsi məqsədilə ciddi tədbirlərin görülməsinin və nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayaraq, müvafiq qurumların rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar veriblər.

Keçidlər