Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub

26 oktyabr 2023 | 19:05

26 oktyabr 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair müşavirə keçirilib.

Müşavirəni açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Nizami rayonunda görülən və görülməsi nəzərdə tutulan işlər barədə məlumat verib və kommunal xidmət strukturlarının payız-qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etmələrini tapşırıb.

Müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah yaradıldığı və tərtib olunmuş tədbirlər planına uyğun olaraq əsas və köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, Rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar və duz tədarükü edildiyi qeyd olunub.

Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi bildirilib.

Rayonun xidmət sahələrinin rəhbərləri çıxış edərək, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat veriblər.

Müşavirədə payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb.

Müşavirəni yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov müzakirələr zamanı qarşıya çıxan məsələlərin həlli ilə, həmçinin payız-qış mövsümündə yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və bu işlərə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Keçidlər