Nizami rayonunda 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə edilib
26 noyabr 2024-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyətinə dair müşavirə keçirilib.
Müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mətin Hüseynov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Nizami və Keşlə bələdiyyələrinin sədrləri, rayonunun kommunal və xidmət sahələrinin, idarə və müəssisələrin rəhbərləri, sahibkarlar iştirak ediblər.
Müşavirəni açan Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın diqqət mərkəzində saxlanıldığını, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə rayon ərazisində keçirilən monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb.
Müşavirədə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun xidmət sahələri tərəfindən görülmüş işlər, həmçinin Mənzil Kommunal Fondunun istismar keyfiyyətinin yaxşılaşdırılması, onun qorunub saxlanılması məqsədilə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə ətraflı məlumat verilib.
Eyni zamanda, Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qərargah yaradıldığı və tərtib olunmuş tədbirlər planına uyğun olaraq əsas və köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatların müəyyənləşdirildiyi, Rayon MKTB-nin tabeliyində olan xüsusi texnikaların saz vəziyyətə gətirildiyi, inventar və duz tədarükü edildiyi qeyd olunub.
Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışmasının, bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıblar və yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyələrini veriblər. Eyni zamanda, ictimai iaşə və özəl qurumların rəhbərlərinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış ediblər.
Müşavirəni yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.