Nizami rayonunda 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilə dair İş Planının müvafiq bəndlərinin icrası ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü münasibətilə prokurorluq və polis əməkdaşlarının, Nizami Bələdiyyəsinin, YAP Nizami rayon təşkilatının, ictimai birliklərin və cəmiyyətlərin nümayəndələrinin, könüllülərin, təhsil müəssisələrinin psixoloqlarının iştirakı ilə 24 iyun 2026-cı il tarixində “Narkomaniyaya yox deyək, həyatı və parlaq gələcəyi seçək!” mövzusunda növbəti maarifləndidrci tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Könül Həsənova, Nizami Rayon Prokurorunun böyük köməkçisi Ramazan Məmmədov, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Mehman Həsənov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov, “Gənclərin Anti-Narkomaniya" İctimai Birliyinin sədri Büllur Məmmədova və ORVİTA Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oktayqızı çıxış ediblər.
Qeyd olunub ki, 1987-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü sadəcə bir təqvim günü deyil, bəşəriyyətin gələcəyini təhdid edən "ağ ölüm"ə qarşı qlobal bir haray və qətiyyətli mübarizə rəmzidir.
Narkomaniya hazırda bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir və ona qarşı mübarizədə ən effektli mübarizə metodlarından biri preventiv (qabaqlayıcı) maarifləndirmədir. Maarifləndirmə tədbirləri cəmiyyətin gələcək sağlamlığının sığortasıdır və bununla əlaqədar yeni forma və metodlardan, həmçinin digər vasitələrdən istifadə etməklə yerlərdə, xüsusilə də təhsil müəssisələrində keçirilən tədbirlərin intensivliyi daha da artırılmalı, əhatəliliyi genişləndirilməlidir.
Vurğulanıb ki, narkomaniyaya qarşı mübarizə təkcə dövlətin və ya hüquq-mühafizə orqanlarının işi deyil, bu hər bir vətəndaşın, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir, narkomaniyaya qarşı hamılıqla mübarizə aparılmalı, onu yaradan və genişlənməsinə təkan verən bütün halların qarşısı alınmalı, cəmiyyətimizi, xüsusilə də gələcəyimiz olan gənclərimizi, böyüməkdə olan nəsli bu bəladan qorumalıyıq.
Tədbirdə mövzu ilə bağlı müxtəlif təkliflər verilib, müzakirələr aparılıb, həmçinin iştirakçıların sualları cavablandırılıb.






