Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə tədbir keçirilib

21 iyun 2023 | 15:16

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” münasibətilə prokurorluq və polis əməkdaşlarının, ictimai birliklərin və cəmiyyətlərin nümayəndələrinin, gənclərin, orta məktəblərin yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə 21 iyun 2023-cü il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində “Narkomanlığa birlikdə yox deyək” adlı tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyev, Nizami Rayon Prokurorunun köməkçisi Şəlalə Rüstəmova, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Elvin Əliyev, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və Texnika və Texnologiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən ictimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur. Narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sərt addımlar atmağa məcbur edir. Azərbaycanda narkomaniyaya qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən olunub, bununla bağlı hüquqi baza yaradılıb, müvafiq Qanunlar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramları qəbul edilib.

Bildirilib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Narkomaniyaya qarşı hamılıqla mübarizə aparılmalı, onu yaradan və genişlənməsinə təkan verən bütün halların qarşısı alınmalı, cəmiyyətimizi, xüsusilə də gələcəyimiz olan gənclərimizi, böyüməkdə olan nəsli bu bəladan qorumalıyıq.

Çıxışlarda narkomanlığa qarşı mübarizə istiqamətində maarifləndirmə tədbirlərinin əhəmiyyəti önə çəkilib, bu cür tədbirlərin intensivliyinin daha da artırılmasının zəruriliyi xüsusilə vurğulanıb.

Tədbirdə sağlam həyat tərzinin alternativsiz seçim olması barədə bütün rayon gənclərinə müraciət edilib, həmçinin iştirakçılar tərəfindən verilmiş təkliflər müzakirə olunub, onların sualları cavablandırılıb.

Keçidlər