Nizami rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə millət vəkilləri, tanınmış tarixçilər, qazilər və şəhid ailələri üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov açaraq bildirib ki, tariximizin müxtəlif mərhələlərində erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırım siyasəti həyata keçirilib. Öz havadarlarından daim dəstək alan erməni millətçiləri ötən əsrin əvvəllərində Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirib, azərbaycanlılar vəhşicəsinə qətlə yetirilib, onlar öz tarixi dədə-baba yurdlarından qovulub, yüzlərlə yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Coşqun Cəbrayılov qeyd edib ki, Sovetlər dönəmində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırım siyasətinin, xüsusilə də mart hadisələrinin əsil mahiyyətinin açılmasının, ona hüquqi-siyasi qiymətin verilməsinin qarşısı uzun illər boyunca SSRİ rəhbərliyi tərəfindən alınıb. Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə soyqırım hadisələrinə hüquqi-siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb, həmçinin Dövlət başçısının 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamına əsasən Quba şəhərində Soyqırım Memorial Kompleksi yaradılıb.
Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırım ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər həyata keçirilib, Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyası da bu məsələdə önəmli rol oynayır.
Coşqun Cəbrayılov vurğulayıb ki, erməni millətçilərinin soyqırım siyasəti xalqımızın milli vətənpərvərlik ruhunu heç zaman sarsıda bilməyib, əksinə ümumi düşmənə qarşı mili birlik və intiqam hisslərini daha da artırıb.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində 30 illik işğal altında olan əzəli torpaqlarımız azad olunub, Azərbaycanın ərazi bütövlüyü təmin edilib, tarixi qələbəmizlə erməni millətçiliyinə, onun şovinist soyqırım siyasətinə sarsıdıcı zərbə vurulub. Bu gün xalqımız məğrur və qalib xalq kimi soyqırımlar tarixini dəyişən şanlı Zəfərimizin ruhu ilə yaşayır.
Tədbirdə Azərbaycanlıların soyqırımı ilə bağlı tarixi araşdırmalar və digər çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb.