Nizami rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov giriş sözü ilə tədbiri açaraq Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil sahəsində çalışanları təbrik edib, onlara cansağlığı və şərəfli işlərində uğurlar diləyib.
Qeyd olunub ki, Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev bu sahədə işləyən, şərəflə və ləyaqətlə çalışan müəllimlərin əməyini hər zaman yüksək qiymətləndirib, onları “fədakar, xalqına, millətinə sədaqətlə xidmət göstərən qəhrəman insanlar” adlandırıb, hər birimizin bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borclu olduğumuzu söyləyib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan müəllimlərinə göstərdiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilir, rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
Tədbirdə həmçinin 129 və 229 nömrəli tam orta məktəblərin direktorları Məhluqə Əzizova və Vüsalə Məmmədova, 2023/2024-cü tədris ilində yüksək nəticələr qazanmış 32 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Aslanova, 210 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Aidə Kamilova və Kimya-biologiya təmayüllü Respublika liseyinin kimya müəllimi Elnur Nəbiyev çıxış edərək, təhsil sahəsinə və bu sahənin aparıcı qüvvəsi olan müəllimlərə göstərilən böyük dəstəyə, qayğı və diqqətə görə təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını və dərin təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda fərqlənən bir qrup təhsil işçisinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr təqdim olunub.