Nizami rayonunda 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
06 mart 2024-cü il tarixində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan qadını tarix boyu mübarizliyi ilə tanınıb, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı, döyüş meydanlarında da şücaət göstərib. Qadınlar doğma torpaqlarımızın bir qisminin işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar. Bildirilib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Diqqətə çatdırılıb ki, dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Bu gün dövlət qadın siyasətinin davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Xanımlar adından çıxış edən Milli Məclisin deputatı Könül Nurullayeva diqqətə görə təşəkkür edib və əlavə edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Çıxışlardan sonra rayonun ictimai və sosial həyatında aktiv iştirak edən qadınlar, o cümlədən partiya fəalları və könüllüləri mükafatlandırılıblar.