Nizami rayonunda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş idman festivalı keçirilib
01 noyabr 2025-ci il tarixində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılmış məhəllənin idman meydançasında Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş idman festivalı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Festivalda çıxış edənlər iştirakçıları təbrik edərək, Zəfər Gününün tarixi əhəmiyyətindən və idmanın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan danışıblar.
Tədbirdə idmanın 15 növü üzrə (cüdo, karate, taekvondo, boks, kapoeyra, alpaqut, real aykido, basketbol, futbol, voleybol, həndbol, badminton, tennis, kikboksinq və qılıncoynatma) çıxış edən 150-dən artıq uşaq, yeniyetmə və gənc idmançı öz məharətlərini nümayiş etdiriblər.
Tədbirin sonunda fərqlənən idmançılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələr təqdim olunub.
Bu tədbir bir daha sübut etdi ki, idman təkcə fiziki hazırlıq deyil, həm də milli ruhun, vətən sevgisinin, birliyin təcəssümüdür.






