Nizami rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş konfrans keçirilib
01 fevral 2024-cil tarixində Nizami Rayon İcra Hakimiyyətində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş konfrans keçirilib.
İlk öncə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov çıxış edərək dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edildiyini və o gündən etibarən hər il bu günün təntənəli şəkildə qeyd olunduğunu bildirib. Gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini, gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. İstedadlı, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişməsi, onların sosial rifahının yüksəldilməsinin ölkəmizdə gənclər siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.
Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxışında bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Gənclər ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər.
Daha sonra rayon gəncləri adından Nəcibə Mərdanlı, Fərid Babaşlı, Səbinə Qənizadə, Hökumə Kərimzadə və Kamran Hümbətov çıxış edərək ölkəmizdə gənclərə göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər və qeyd ediblər ki, bu gün Azərbaycanda bütün məsələlərdə gəncliyin marağı nəzərə alınır və gəncliyin potensialından maksimum dərəcədə istifadə olunur. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulurlar. Azərbaycan gəncləri ölkəmizin sabahını yalnız Prezident İlham Əliyevlə bağlayır, öz həyat və yaradıcılıqlarını xalqa, Vətənə və dövlətə həsr etməyə hazır olduqlarını əməli fəaliyyətləri ilə sübut etməyə çalışırlar.
Tədbirin sonunda bir qrup fəal gənc Nizami Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə mükafatlandırılıb.