Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Azərbaycan televiziyası və milli vətənpərvərlik: müzəffərlik yolunun qəhrəmanları” mövzusunda tədbir keçirilib

15 fevral 2023 | 16:27

14 fevral 2023-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan televiziyası və milli vətənpərvərlik: müzəffərlik yolunun qəhrəmanları” mövzusunda birgə təşkil etdikləri tədbir keçirilib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə müasir, müstəqil Azərbaycan Respublikasının banisi ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, o cümlədən qardaş Tükiyədə zəlzələ zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Dövlət Televiziyasının Nizami rayonunun sakinləri Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyovanın və Vətən müharibəsinin qazisi Denis Quzlayevin birgə həyat yoluna həsr olunmuş “Əsgər və mələk” filmi nümayiş etdirilib.

Çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, “Əsgər və mələk” filminin ssenari müəllifi, TELEFİLM-in redaksiya kollegiyasının rəhbəri, jurnalist Afaq Vasifqızı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, Azərbaycan Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina və başqaları Azərbaycan Televiziyasının yaranması tarixindən, Şərqdə ilk televiziyanın məhz ölkəmizdə fəaliyyətə başlamasından danışıblar. Bildiriblər ki, ötən 67 il ərzində Azərbaycan televiziyası böyük inkişaf yolu keçib. Heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevin Azərbaycanımızın bütün sahələrində olduğu kimi televiziya sahəsində də yüksəlişin əldə olunmasına da özünəməxsus töhfələri olub. Bu gün Azərbaycan televiziyası maarifləndirmə və məlumatlandırma funksiyası ilə yanaşı gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında, milli dəyərlərin təbliğində xüsusi rol oynayır. Eləcə də Azərbaycan televiziyasının jurnalistləri qaynar nöqtələrdə, fəlakət zonalarında belə həyatlarını təhlükəyə ataraq işləyirlər, cəmiyyətimizi obyektiv, qərəzsiz informasiya ilə təmin edirlər.

Çıxışlardan sonra “Əsgər və mələk” filminin qəhrəmanları Regina Kovalyova və Denis Quzlayev təşəkkürlərini çatdırıblar.

Sonda mükafatlandırma mərasimi olub, gənc nəslin milli ruhda tərbiyə olunmasında, vətənpərvərlik dəyərlərinin təbliğində xidmətlərinə görə filmin ssenaristi Afaq Vasifqızı təltif olunub, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyovaya və Vətən müharibəsinin qazisi Denis Quzlayevə hədiyyələr təqdim edilib.

Keçidlər